Bunu İsrailin nüfuzlu “Yediot ahronot” jurnalının siyasi şərhçisi Ben-Dror Yamin yazıb. ABŞ mətbuatının yazdığına görə, İsrail-Livan atəşkəs razılaşması tamamilə razılaşdırılıb. ABŞ prezidenti Cozef Bayden bununla bağlı xüsusi açıqlama verib. İsrailli şərhçi iddia edir ki, təkcə o deyil, həm də yeni seçilmiş prezident Donald Tramp Livanın cənubunda atəşkəsin tərəfdarıdır.
Müxalif “Evimiz İsrail” partiyasının lideri və keçmiş müdafiə naziri Aviqdor Liberman isə bildirir: “Atəşkəs yalnız İrana sərf edir ki, vaxt udsun və “Hizbullah” vasitəsilə 4-5 ildən sonra İsrailə qarşı yeni müharibəyə başlasın”. “Yediot ahronot”un şərhçisi isə birmənalı şəkildə bildirir ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı “İsrail üçün sarsıdıcı məğlubiyyət kimi qəbul edilməlidir”.
Əgər İsrail-Livan atəşkəsi həqiqətən davamlı olsa, o zaman HƏMAS ilə danışıqlarda çox güman ki, prinsipial yeni mərhələ başlayacaq. Benyamin Netanyahunun səlahiyyət müddətinin nə zaman başa çatacağı artıq əhəmiyyətli deyil. Əsl məsələ İsrail dövlətinin hansı perspektivə sahib olmasıdır. 1947-ci ildə BMT Təhlükəsizlik Şurası həm yəhudilərin, həm də Fələstin ərəblərinin müstəqil dövlətə sahib olmaq hüququnu tanıyıb.
Yəhudilər dövlətlərini yaradıblar, ərəblər isə yox. Yəhudilər öz dövlətlərini müharibə yolu ilə müdafiə ediblər. Tramp prezidentliyinin ilk dövründə “İbrahim Razılaşmaları” prinsipi əsasında İsrail-Ərəb barışığı təşəbbüsü ilə çıxış edib. O, ABŞ prezidenti vəzifəsini üzərinə götürərək, həmin ideyanın həyata keçirilməsinə qayıdacaqmı, Ərəb Dövlətləri Liqası ölkələri İsraillə barışıq məsələsində həmrəydirmi, Türkiyə və İran hansı rolu oynayacaq? Suriyada hərbi mövcudluğu olan Rusiya müdaxilə edəcəkmi, Yaxın Şərq nizamlanmasında rol oynayacaqmı?
Noyabrın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ilk dəfə olaraq Yaxın Şərqin münaqişə bölgələrində humanitar yardımın əlavə maddi-texniki təchizatının təmin edilməsinin zəruriliyindən danışıb. Məlumatlara görə, İsrail-Livan atəşkəs şərtlərindən biri də zəmanətçi ölkələrə aiddir. Rusiyanın adı çəkilmir, əsas rol ABŞ-yə məxsusdur, Almaniya və Fransa da iştirak edir.
Görünən odur ki, İsrail-Livan sərhədinə nəzarət tərəflərin qanuni silahlı qüvvələrinə keçir. BMT-nin sülhməramlı qüvvələri Livana kömək edəcək. Ancaq praktikada sabit vəziyyətə görə heç kim məsuliyyət daşımır. Yəqin ki, çox şey növbəti ABŞ administrasiyasının siyasi mövqeyindən asılı olacaq.
“Yediot ahronot”un şərhçisi iddia edir ki, İsrail ordusu da tükəndirici müharibədən yorulub, ehtiyatda olanlar yorulublar, onların hərbi hissələri ən yaxşı halda 60 faiz doldurulur, bu göstəricinin 40-a düşməsini gözləmək lazım deyil.
Asif Cəfərov
Ordu.az